Azərbaycan SSR Ali Sovetinin XII çağırışı
Azərbaycan SSR xalq deputatları seçkiləri 1990-cı il sentyabrın 30-da keçirilmişdir.
Bir sıra seçki dairələrində namizədlərin heç biri seçiləmiş, seçkilər keçirilməmiş və ya etibarsız hesab edilmişdir, bu səbəbdən 1990-cı il sentyabrın 30-da, oktyabrın 14-də, dekabrın 16-da və 30-da təkrar səsvermə keçirilmişdir və nəticəsində Azərbaycan Respublika Mərkəzi Seçki Komissiyası 340 xalq deputatını qeydə almışdır. Dağlıq Qarabağ Muxtar Vilayətində 10 dairədə və Şaumyan rayonunun bir seçki dairəsində ictimai-siyasi vəziyyətin sabit olmadığına görə seçkilər keçirilməmişdir.
340 xalq deputatlarının 276 nəfəri yaxud 80,1 faizi əvvəllər SSRİ və Azərbaycan SSR Ali Sovetinə deputat seçilməmişdir. 306 xalq deputatı yaxud seçilmiş xalq deputatların 90 faizi Sovet İttifaqı Kommunist Partiyası üzvü və üzvlüyünə namizəd, 4 xalq deputatı ÜİLKGİ üzvü olub.
Bu seçkilərdə ilk dəfə fərqli ictimai təşkilat — Azərbaycan Xalq Cəbhəsi üzvləri də seçkilərdə iştirak etmiş və seçilmişdirlər. Onlardan bəziləri eyni zamanda Sovet İttifaqı Kommunist Partiyasının da üzvü olmuşdur.
Deputatlardan 47 nəfər (13,8%) sənaye, tikinti, nəqliyyat və rabitə işçisi, 22 nəfər (6,5%) aqrar-sənaye kompleksinin işçiləri olub; keçmiş çağırışlardan fərqli olaraq, deputatların cəmi 7 nəfəri fəhlə, 2 nəfəri kolxozçu idi. Deputatların 22 nəfəri (6,5%) elmi və yaradıcı ziyalıları, 43 nəfəri (12,6%) sənaye birliklərinin və müəssisələrinin rəhbərləri, 18 nəfəri (5,3%) kolxozlarının, sovxozlarının və digər aqrar-sənaye müəssisələrinin rəhbərləri, 30 nəfəri (8,8%) hüquq mühafizə orqanlarının işçiləri, 24 nəfəri (7%) ali məktəb və xalq maarifi işçisi, 10 nəfəri (2,9%) səhiyyə işçisi, 16 nəfəri (4,8%) mədəniyyət, incəsənət və mətbuat işçiləri təşkil edirdi. 105 deputat partiya, həmkarlar ittifaql, komsomol təşkilatlarını, 2 deputat SSRİ Silahlı Qüvvələrini təmsil edirdi.